UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə keçiriləcək oyundan öncə təşkil edilən mətbuat konfransında baş məşqçi Elmar Baxşıyevin və kapitan Ürfan Abbasovun səsləndirdiyi fikirlər:
Elmar Baxşıyev: "22 iyul - Milli Mətbuat Günü münasibəti ilə hər birinizi təbrik edir, uğurlar arzulayıram. Oyunun mahiyyətini həm mən, həm də futbolçularım dərk edirik. Yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, futbolçularım meydanda ən yaxşısını edəcəklər. Hər kəs özünə inanır. Meydanda yaxşı bir iş görəcəyik.
Yaxşı futbolçulara sahibik. "Araz-Naxçıvan" olaraq daha yaxşısını edəcəyimizə ümid edirəm.
"Araz-Naxçıvan" Konfrans Liqasında debütant ola bilər, amma əksər futbolçularımız müxtəlif klubların heyətində avrokuboklarda iştirak ediblər. Yaxşı komanda formalaşdırmışıq. Oyun fəlsəfəmə uyğun futbolçuları yığmışıq. Onlar da ustalıqlarını meydanda göstərməyə çalışacaqlar. Uyğunlaşma baxımından heç birinin problemi yoxdur.
Azarkeşlər bizi dəstəkləsinlər, inansınlar.
Rəqibimiz haqda lazımi informasiyanı toplamışıq. Təcrübəli, keyfiyyətli komandadır. Amma diqqətimizi özümüzə yönəltmişik".
Ürfan Abbasov: “Sabah bizi ağır oyun gözləyir. Qarşılaşmaya ciddi hazırlaşmışıq. İnanırıq ki, qələbə bizimlə olacaq. Rəqibin zəif və güclü tərəflərini təhlil etmişik”.